Duha dili
Duha dili — Monqolustanın şimalında yaşayan Monqolustan əhalisini təşkil edən 24 tayfadan biri olan duhaların danışdığı ana dildir. Duha tayfası həm də Monqolustandakı dörd türk tayfasından biridir. 2010-cu ilin məlumatlarına əsasən bu dilin əsas daşıyıcısı olan duhaların sayı cəmi 282 nəfər idi. Amma bu dildə danışanlarının sayının təxminən 500 nəfər olduğu ehtimal edilir.
Duha dili türk dillərinin Sibir qolunun Sayan qrupuna aid olan tayqa altqrupuna mənsubdur.
Duha dilində əsas sözlərin əksəriyyəti türk kökənlidir. Məsələn, "gis" - "qız", "hün" - "gün", "utə-" - "uyu-", "per-" - "ver" və sair.
Duha dilində əsas saylar da türk kökənlidir və bunlardır: "pir" və ya "piree" - "bir", "ixə" - "iki", "üş" və ya "üüş" - "üç", "tört" və ya "töört" - "dört", "peş" və ya "peeş" - "beş", "altə" - "altı", "jetə" və ya "jeetə" - "yeddi", "ses" - "səkkiz", "tos" - "doqquz", "on" - "on", "jeer" və ya "jeersə" - "iyirmi", "üjon" və ya "üjön" və ya "üjen" - "otuz", "törton" və ya "törtön" və ya "törten" - "qırx", "pejon" və ya "pejön" və ya "pejen" - "əlli", "alton" və ya "altan" - "altmış", "jeton" və ya "jetön" və ya "jeten" - "yetmiş", "seson" və ya "sesen" - "səksən", "toson" və ya "tosan" - "doxsan", "jüs" - "yüz", "min" - "min", "saya" - "on min".
Duha dilinə monqol dilindən də çox sayda alınma söz toplanıb.
XX əsrin ikinci yarısından etibarən duha dilinə monqol dilinin təsiri daha aydın şəkildə görünməkdədir.